Nigeriya hökuməti oktyabrın 20-də ölkənin paytaxtı Abuca şəhərində Ebola virusuna yoluxma halının təsdiqləndiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Reuters" məlumat yayıb.
Ölkənin səhiyyə naziri bildirib ki, virusa yoluxan qadın Uqandadan Nigeriyaya gəlib.
Hazırda o, təcrid olunub və tibbi yardım alır. Qadınla təmasda olan 44 nəfərin kimliyi müəyyən edilib.
Uqanda Səhiyyə Nazirliyinin oktyabrın 20-də axşam saatlarında yaydığı məlumata görə, qadın işgüzar səfər məqsədilə Konqo Demokratik Respublikasına gedib. O, oktyabrın əvvəlində heç bir simptom müşahidə olunmadan Uqanda vasitəsilə Nigeriyaya çatıb. Xəstəliyin əlamətləri isə Nigeriyaya gəldikdən sonra ortaya çıxıb.
Nazirlik vurğulayıb ki, qadının Uqanda ərazisindən keçməsi onun virusa məhz bu ölkədə yoluxduğu anlamına gəlmir. Həmin vaxt Uqandada təsdiqlənmiş Ebola yoluxma halı qeydə alınmamışdı.
Qeyd edək ki, may ayının ortalarında Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması elan edilib. Bu epidemiya müşahidələr tarixində miqyasına görə ikinci ən böyük yayılma olub. Xəstəliyə nadir rast gəlinən Bundibuqyo ştammı səbəb olub.
Oktyabrın 19-na olan məlumata əsasən, Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma hallarının sayı 9 552-yə çatıb, xəstəlikdən 4 602 nəfər həyatını itirib.
May və iyun aylarında Uqandada 20 yoluxma halı qeydə alınıb. Onların əksəriyyətinin Konqodan gətirildiyi bildirilir. Ümumdünya Səhiyyə Təşkilatı isə avqust ayında Uqandada virusun nəzarət altına alındığını açıqlayıb.
Bundan əlavə, oktyabr ayında Keniyada doqquz Ebola yoluxması qeydə alınıb. Bütün hallar Konqo Demokratik Respublikasından gələn və oktyabrın 5-də vəfat edən bir şəxslə əlaqələndirilib.