Azərbaycan Premyer Liqasının X turunda “Kəpəz” “İmişli”ni qəbul edəcək. Noyabrın 1-də Gəncə şəhər stadionunda keçiriləcək oyun saat 17:30-da başlayacaq.
Matçın baş hakimi Elçin Məsiyev olacaq. Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. İslam Məmmədov ehtiyat hakim, Rəşad Əhmədov VAR, Kərim Zeynalov isə AVAR hakimi olacaq. AFFA nümayəndəsi Eldar Məmmədovdur.
Azər Məmmədovun çalışdırdığı “Kəpəz” səkkiz oyunda 14 xal toplayıb və turnir cədvəlinin altıncı pilləsindədir. Gəncə klubu “İmişli”dən bir oyun az keçirib. Rəqib 10 xalla səkkizinci yerdə qərarlaşıb.
Komandalar ölkə çempionatında üç dəfə qarşılaşıb. Bu oyunların ikisində “İmişli” qalib gəlib, biri heç-heçə başa çatıb. Top fərqi 0:4-dür. “Kəpəz” hələ rəqibin qapısına qol vura bilməyib, “İmişli” isə bu görüşlərdə qol buraxmayıb. Tərəflərin sonuncu qarşılaşması aprelin 19-da Gəncədə keçirilib və “İmişli” 1:0 hesabı ilə qalib gəlib.
Əvvəlki turda “Kəpəz” səfərdə “Şəfa”nı, “İmişli” isə evdə “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib.
Kontekst
Oktyabrın 31-də “Kəpəz”in yarımmüdafiəçisi Azuma Abubakarın zədə səbəbindən “İmişli” ilə oyunda iştirak etməyəcəyi açıqlanıb.