Keniyada Ebola virusuna ilk yoluxma halı qeydə alınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, xəstə paytaxt Nayrobidə olub və daha sonra vəfat edib.
Belə ki, o, Ebola virusunun Bundibuqyo ştammına yoluxub.
Məlumata görə, xəstə son yeddi il ərzində Konqo Demokratik Respublikasında (KDR) yaşayıb. Təxminən bir ay əvvəl onda xəstəliyin simptomları yaranıb. O, KDR-də bir neçə xəstəxanada müalicə aldıqdan sonra Uqanda üzərindən Keniyaya gedib.
Xəstə oktyabrın 3-də saat 13:10-da Nayrobidəki Jomo Kenyatta Beynəlxalq Hava Limanına təyyarə ilə gəlib. Təyyarədə ümumilikdə 23 sərnişin olub. Standart tibbi müayinədən və pasport yoxlamasından keçdikdən sonra xəstəni qohumları və dostları Nayrobidəki xəstəxanaya aparıblar. O, dərhal ayrıca palataya təcrid edilib. Lakin xəstə daha sonra vəfat edib.
Hazırda Ebola virusunun Bundibuqyo ştammına qarşı rəsmi lisenziyalı vaksin və ya spesifik müalicə vasitəsinin mövcud olmadığı bildirilir.