“Bavariya”nın baş məşqçisi Vincent Kompani Almaniya çempionatının 10-cu turunda “Köln”lə 1:1 hesablı heç-heçədən sonra Harri Keyn və Maykl Olisenin zədələnmələrini şərh edib. Münhen təmsilçisi görüşdə hücum xəttinin iki əsas futbolçusunu itirib.
“Xüsusi oyun idi. Düşünürəm ki, yaxşı başladıq, oyuna qoşulduq və tempi müəyyənləşdirdik. Sonra, əlbəttə, Harri Keyn və Maykl Olisenin zədələri baş verdi. Bununla belə, bəhanə yoxdur. Hesabın ədalətli olduğunu düşünürəm, “Köln” bu xalı qazanmağa layiq idi”, – Kompani klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
O, komandanın hazırda qarşıdakı oyunlara köklənməli olduğunu vurğulayıb: “İndi başqa qayğılarımız var. Qarşıda bizi nələrin gözlədiyini anlamalı və əlavə iradlara vaxt itirmədən yenidən güc toplamalıyıq ki, bütün çətinliklərə baxmayaraq, növbəti matçlarda nəticə qazanaq.
“Vəziyyət həqiqətən də qeyri-adidir. İndi komandanı irəli aparmalı olan başqa futbolçulardır. “Bavariya”da belə təzyiqə hələ öyrəşməmiş oyunçulardan yüksək səviyyəli çıxışlar gözləyirik. Reallıq budur. Bu vəziyyətdən birlikdə güclü bir nəticə çıxarmağa çalışacağıq. “Bavariya” həmişə belə edib və indi də buna nail olmaq istəyirik”, – o əlavə edib.
Oyundan əvvəl yayılan məlumata görə, Keynin sol topuq nahiyəsində sindesmoz bağının qopması aşkarlanıb. Komandanın tibbi heyəti isə Olisedə ayaq darağı əzilməsi diaqnozu qoyub.