“Liverpul”un kapitanı Vircil van Deyk gələn mövsüm hansı komandada çıxış edəcəyini bilmədiyini deyib. 35 yaşlı mərkəz müdafiəçinin hazırkı müqaviləsinin müddəti mövsümün sonunda başa çatır.
“Mənim üçün əsas odur ki, özümü yaxşı hiss edirəm, özümə diqqət edirəm və fikrimcə, daha uzun illər oynaya bilərəm. Mövsüm bitəndən sonra nələrin olacağını görəcəyik”, – Van Deyk bildirib.
O, hazırda gələcək karyerası barədə dəqiq məlumata malik olmadığını vurğulayıb: “Əgər kimsə indi gələn mövsüm harada oynayacağımı bildiyini deyirsə, bu, doğru deyil. Özüm də bunu bilmirəm”.
Van Deykin sözlərinə görə, o, nəzarət edə bildiyi məsələlərə köklənib. “Hazırda bu, noyabrın 22-də “Mançester Yunayted”lə keçiriləcək oyundur. Sonra Çempionlar Liqasına diqqət yetirəcəyik, yeni ildə nələrin olacağını isə görəcəyik”, – müdafiəçi deyib.
O, “Liverpul”da keçirdiyi illəri “inanılmaz macəra” adlandırıb və bu yay kluba qoşulmasının təxminən 10 ili tamam olacağını qeyd edib. Van Deyk klubda baş verənlərə görə həmişə minnətdar qalacağını bildirib. “Müqavilə uzadılsa, onda baxarıq. Uzadılmasa, yayda vidalaşmalı olacağam”, – futbolçunun sözlərini “Sky Sports” sitat gətirib.