İmtahanlara qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə təhsil eksperti Kamran Əsədov barəsində həbs qərarı verilib. Qərar bu gün Gəncə Şəhər Məhkəməsində keçirilən məhkəmə prosesində qəbul olunub.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hakim Elçin Məmmədovun sədrliyi ilə baş tutan iclasda Kamran Əsədov məhkəmə zalında həbs edilib.
Yasamalda oğurluq hadisəsi: kuryer xidmətində çalışan şəxslər saxlanılıb
Qeyd edək ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak edən şəxslərə imtahan qaydalarına zidd formada köməklik göstərilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında cinayət işi başlanıb. İbtidai istintaq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılıb.
İstintaq materiallarında bildirilir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Gündüz Abbasovun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə imtahan prosesində test tapşırıqlarının cavablandırılmasına yardım məqsədilə gizli informasiya ötürülməsi üçün nəzərdə tutulan texniki vasitələr qanunsuz şəkildə hazırlanıb. Həmin vasitələrin Kamran Əsədovla cinayət əlaqəsinə girilərək ümumilikdə 11 nəfərin üzərinə quraşdırılmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan əlavə, Sumqayıt şəhərində Sənan Hüseynovun müvafiq icazə olmadan, normativ-hüquqi aktların tələblərinə zidd şəkildə gizli məlumat əldə etməyə imkan verən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsi ilə bağlı da istintaq tərəfindən əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlar əsasında Gündüz Abbasova Cinayət Məcəlləsinin 302.3 və 308.1-ci maddələri, Kamran Əsədova 302.3, 32.5 və 308.1-ci maddələri, Sənan Hüseynova isə 302.3-cü maddə ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Gündüz Abbasov barəsində həbs, digər şəxslər barədə isə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.
Cinayət işləri üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Qeyd edilib ki, Kamran Əsədov daha əvvəl də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub və 2015-ci il tarixli məhkəmə hökmü ilə cərimə və islah işləri cəzasına məhkum edilib.