İtaliyada bu yay baş verən meşə yanğınları nəticəsində təxminən 70 min hektar ərazi məhv olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu, təxminən 100 min futbol meydançası böyüklüyündə sahəyə bərabərdir.
Qeyd edilib ki, yanğınların təxminən üçdə biri mühafizə olunan təbiət ərazilərində baş verib.
Son 20 il ərzində isə İtaliyada meşə yanğınları nəticəsində məhv olan ərazilərin həcmi 133 faiz artıb.
Qeyd olunub ki, vəziyyət Avropanın digər ölkələrində daha ağırdır.
Belə ki, İspaniyada 219 min hektar, Fransada isə 91 min hektar ərazi yanaraq məhv olub.
Ümumdünya Təbiəti Mühafizə Fondunun Avropa İttifaqı üzrə meşələrə cavabdeh nümayəndəsi Anke Şulmayster-Oldenhov bildirib ki, Avropa alovlar içində olduğu halda, yanğınsöndürənlər alovları söndürməyə çalışır, siyasi liderlər isə iqlim və təbiətin mühafizəsinə dair qanunların zəiflədilməsini müzakirə edirlər.
Onun sözlərinə görə, əsas məsələ bu qanunların yumşaldılması deyil, gələcəkdə oxşar fəlakətlərin qarşısını almaq üçün onların daha da gücləndirilməsidir.