Avropa qitəsi son illərin ən güclü istilik dalğalarından biri ilə üz-üzə qalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Copernicus İqlim Dəyişikliyi Xidməti"nin açıqladığı məlumatlara əsasən, Avropa qlobal orta göstəricidən iki dəfə sürətlə istiləşir və hazırda dünyanın ən sürətlə isinən qitəsi hesab olunur.
Məlumata görə, yüksək temperatur su ehtiyatlarına ciddi təsir göstərir, eyni zamanda meşə yanğınları riskini artırır. Fransada isə vəziyyət xüsusilə kritik həddə çatıb. Ölkə üzrə hesablanan milli temperatur göstəricisi 30 dərəcəyə yüksələrək 1947-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Paytaxt Parisdə isə havanın temperaturu 41 dərəcəyə yaxınlaşıb.
Bildirilib ki, Fransanın yarıdan çox ərazisində "qırmızı alarm" elan olunub. Qərb bölgələrində elektrik şəbəkələrində yaranan nasazlıqlar səbəbindən on minlərlə ev işıqsız qalıb. Həmçinin "Louvre Muzeyi" və "Eyfel Qülləsi" kimi məşhur turizm məkanları istilər səbəbindən fəaliyyətini vaxtından əvvəl dayandırıb.
Qeyd olunub ki, Gironde bölgəsində yerləşən çimərliklərdə sərinləmək istəyən 40-a yaxın insan boğularaq həyatını itirib. Eyni zamanda, "Saint-Macaire-du-Bois" ərazisində baş verən meşə yanğını 150-dən çox yanğınsöndürənin müdaxiləsi nəticəsində nəzarət altına alınıb.
Məlumata əsasən, İngiltərənin Hampshire bölgəsində yerləşən Gosport qəsəbəsində temperatur 36,1 dərəcəyə yüksələrək iyun ayı üzrə tarixi rekordu yeniləyib. İspaniya Meteorologiya Agentliyi ("Aemet") isə ölkədə 1950-ci ildən bəri iyun ayında qeydə alınan ən yüksək orta temperaturun müşahidə olunduğunu açıqlayıb. Bask bölgəsində temperaturun 42 dərəcəyə çatacağı ilə bağlı xəbərdarlıq edilib.
Bildirilib ki, İtaliyada 16 şəhərdə yüksək səviyyəli xəbərdarlıq elan olunub. İstilik dalğasının Almaniya, Hollandiya və Belçikada pik həddə çatacağı, daha sonra isə Polşa, Xorvatiya və Macarıstan daxil olmaqla Şərqi Avropa ölkələrinə yayılacağı gözlənilir.
Qeyd olunub ki, Almaniyada su hövzələrində boğulma hadisələri qeydə alınıb, bəzi şəhərlərdə isə yanğın təhlükəsinin artması səbəbindən açıq havada manqal yandırılması qadağan edilib. Hollandiya və Belçika rəsmiləri də əhaliyə "turuncu kodlu" xəbərdarlıq edərək, temperaturun 39 dərəcəyə qədər yüksələ biləcəyini bildiriblər.