İsrail ABŞ-nin vasitəçiliyi ilə Yəməndəki "Ənsar Allah" (husilər) hərəkatının qüvvələrinin yerləşməsi və gələcək planları barədə kəşfiyyat məlumatlarını Səudiyyə Ərəbistanına ötürüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Walla" portalı regiondakı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı və İsrail nümayəndələri ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) vasitəçiliyi ilə gizli danışıqlar aparıblar. Danışıqların əsas məqsədi Ər-Riyadın husilərin mümkün hücumlarından qorunması və regiondakı təhlükəsizlik mənzərəsinin tam dəqiqləşdirilməsi üçün kəşfiyyat dəstəyinin təmin edilməsi olub. Səudiyyə tərəfi husilərin hərbi imkanları və niyyətləri barədə operativ məlumat əldə etməkdə xüsusilə maraqlı olduğunu bildirib.
Bildirilib ki, ABŞ-nin İran və husilərlə regional proseslərdə müstəqil razılaşmalar əldə edə biləcəyi ehtimalı Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrində ciddi narahatlıq doğurur. Əvvəllər "Axios" nəşri ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Yəməndəki husi mövqələrinə zərbələr endirilməsi ilə bağlı müraciətlərini rədd etdiyini yazmışdı.