Yəməndəki husilərin “Ənsar Allah” hərəkatının hərbi sözçüsü Yəhya Səri Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus F-15 tipli döyüş təyyarəsinin vurulduğunu iddia edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Yəhya Səri “X” sosial media platformasındakı rəsmi hesabında məlumat yayıb.
Məlumata görə, iddia olunur ki, Səudiyyə Ərəbistanına məxsus F-15 qırıcı təyyarəsi Marib vilayəti səmasında hərbi əməliyyatlar keçirərkən yerli istehsal olan “yer-hava” raket kompleksi ilə hədəfə alınıb və vurulub. Səri həmçinin vurulan təyyarənin qalıqlarını axtarmaq və müdafiə olunmaq üçün əraziyə daxil olan digər F-15 və “Typhoon” tipli döyüş təyyarələri aviaqrupunun da analoji raket zərbələri ilə bölgədən uzaqlaşmağa məcbur edildiyini bəyan edib.
Husilərin sözçüsü koalisiya qüvvələrinin son bir həftə ərzində Yəmənin Təiz, Ləhic, Cövf, Həccə, Marib, Səda və Beyda vilayətlərinə 450-dən çox hava zərbəsi endirdiyini bildirib. O, Məkkə şəhərinin hədəf alınması ilə bağlı yayılan xəbərləri təkzib edərək, yalnız hərbi bazalar və neft infrastrukturlarına zərbə vurduqlarını diqqətə çatdırıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası daha əvvəl Məkkə şəhəri istiqamətində hava məkanına daxil olmağa cəhd edən hərbi PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən vurularaq zərərsizləşdirildiyini bəyan etmişdi.