AnewZ-nin məlumatına görə, Polşanın Krakov şəhərinin əsas meydanında baş verən atışma nəticəsində azı 5 nəfər həlak olub, 10-dan çox insan yaralanıb. Bu barədə Polşa polisi məlumat verib.
Polis sözçüsünün bildirdiyinə görə, şübhəli şəxs şənbə günü yerli vaxtla saat 15:00 radələrində Rynek Qłówny meydanında təsadüfi insanlara atəş açıb.
Saxlanılarkən polis əməkdaşları həmin şəxsə atəş açıblar. Şübhəli hazırda xəstəxanada müalicə alır. Polis sözçüsü jurnalistlərə bildirib ki, saxlanma zamanı əməkdaşlar silahdan istifadə ediblər, lakin həmin şəxs də atəş açıb. Nəticədə yaralananlar arasında iki polis əməkdaşı da var.
Sözçünün sözlərinə görə, polis əməkdaşlarının məlumatında şübhəlinin hərbi geyimə bənzər paltar geyindiyi qeyd olunub.
Polşanın Baş naziri Donald Tusk “X” platformasında Krakovdakı hadisə barədə daxili işlər nazirindən məlumat aldığını yazıb. O, polisin atışmanın səbəblərini və bütün hallarını araşdırdığını bildirib.
Polşanın Prezidenti Karol Navrotski isə “X” platformasında zərərçəkənlərə və onların ailələrinə dəstəyini ifadə edib. O, aidiyyəti qurumlarla əlaqədə olduğunu və hadisənin hallarının tam araşdırılmasını gözlədiyini, Milli Təhlükəsizlik Bürosunun rəhbərinin Krakov istiqamətində yola düşdüyünü qeyd edib.