İspaniyanın Barselona şəhərində mənzil böhranı və yüksək yaşayış xərclərinə qarşı keçirilən kütləvi etiraz aksiyaları radikal qrupların polislə toqquşması, asayiş keşikçilərinə daş atılması və zibil konteynerlərinin yandırılması ilə nəticələnib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisələrin ardınca İspaniyanın Baş naziri Pedro Sançes hökuməti daha əvvəl parlament tərəfindən rədd edilmiş mənzil islahatlarını təcili dekretlə qüvvəyə mindirib.
Yaranmış siyasi böhran fonunda Hökumət rəhbəri noyabrın 29-da ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan edib.
İspaniyanın Mənzil naziri İzabel Rodrigez tərəfindən açıqlanan yeni fərman sosial baxımdan həssas qrupdan olan vətəndaşların evdən çıxarılmasını 2030-cu ilədək dayandırmağı, otaq kirayə qiymətlərini tənzimləməyi və mövsümi kirayə müqavilələrinə yeni vergilər tətbiq etməyi nəzərdə tutur. Pakete, həmçinin spekulyativ məqsədlərlə daşınmaz əmlak alqı-satqısının qadağan olunması və ev sahibləri üçün vergi güzəştlərinin verilməsi daxildir.
Avrozonanın dördüncü böyük iqtisadiyyatında ümumi artım templəri qeydə alınsa da, mənzil qıtlığı və kəskin bahalaşma geniş xalq kütlələrinin narazılığına sabəb olub. Etirazçılar hökumətdən kirayəçilərin hüquqlarının daha etibarlı qorunmasını və alternativ yaşayış sahəsi təmin edilmədən evdən çıxarılmaların tamamilə qadağan olunmasını tələb edirlər.