İslam 2035-ci ildə dünyanın ən böyük dini ola və əsrlərdən bəri ilk dəfə xristianlığı geridə qoya bilər. AnewZ-in məlumatına görə, bu barədə Pew Research Center yeni demoqrafik proqnozlar yayıb.
Vaşinqtonda yerləşən araşdırma təşkilatının hesablamalarına əsasən, 2035-ci ildə dünyadakı müsəlmanların sayı 2,57 milyarda, xristianların sayı isə 2,52 milyarda çata bilər.
Doğum göstəriciləri əhali artımına təsir edir
Proqnozlaşdırılan dəyişiklik əsasən doğum səviyyəsindəki fərqlərlə bağlıdır. 2020–2025-ci illərdə müsəlman qadınların hər birinin orta hesabla 3,1, xristian qadınların isə 2,5 uşağı olub.
Digər dini qruplar üzrə bu göstərici birlikdə hər qadına orta hesabla 1,6 uşaq təşkil edib. Bu, miqrasiya nəzərə alınmadan əhalinin sayını sabit saxlamaq üçün tələb olunan 2,1 göstəricisindən aşağıdır.
Pew bu meylin növbəti onilliklərdə də davam edəcəyini gözləyir. 2070-ci ildə dünya üzrə müsəlmanların sayı 3,6 milyarda, xristianların sayı isə təxminən 3 milyarda çata bilər.
Həmin vaxt müsəlmanların dünya əhalisinin təxminən 37 faizini təşkil edəcəyi proqnozlaşdırılır. Bu göstərici 2020-ci ildə 26 faiz olub. Xristianların payının isə təxminən 29 faiz səviyyəsində qalacağı gözlənilir.
Dini mənsubiyyətin dəyişməsi də nəzərə alınıb
Əhali artımına dini mənsubiyyətin dəyişməsi də təsir göstərəcək. Pew-in hesablamasına görə, 2020–2070-ci illərdə həm xristianlıq, həm də İslam dini dəyişən insanların sayəsində tərəfdar itirəcək, lakin itkilərin miqyası fərqli olacaq.
Xristianlığın dini mənsubiyyətini dəyişənlər səbəbindən təxminən 105 milyon, İslamın isə təxminən 8 milyon tərəfdar itirəcəyi proqnozlaşdırılır.
Hesabatda hinduizmin say baxımından artmaqda davam edəcəyi, lakin 2070-ci ildə dünya əhalisində payının 13,6 faizə qədər azala biləcəyi qeyd olunur. Yəhudilik üçün də oxşar mənzərə gözlənilir. Buddistlərin sayının və dünya əhalisindəki payının isə azalacağı proqnozlaşdırılır.
Ateist, aqnostik və ya hər hansı dinə mənsub olmadığını bildirən insanların 2070-ci ildə bəşəriyyətin 17 faizini təşkil edəcəyi ehtimal olunur. 2020-ci ildə bu göstərici 24 faiz olub.
Proqnozlar doğum səviyyəsi, əhalinin yaş strukturu və dini inancların dəyişməsi kimi amillərə əsaslanır. Hesabatda vurğulanır ki, bunlar mövcud demoqrafik meyllərə əsaslanan hesablamalardır və insanların gələcəkdə öz inanclarını necə yaşayacaqlarına dair proqnoz deyil.