İran İslam Respublikasının Yaxın Şərq və Fars körfəzi akvatoriyasında ticarət gəmilərinə qarşı hücumları intensivləşdirməklə Birləşmiş Ştatlar administrasiyasına geosiyasi təzyiqləri artırmağa çalışdığı iddia olunur. “The Washington Post” qəzetinin ərəb diplomatik mənbələrinə istinadən yaydığı məlumatda Tehran rəhbərliyinin ABŞ-ın daxili siyasi proseslərini və seçki amilini yaxından izlədiyi bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ nəşrinin yaydığı məlumatda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçən ay ərzində Fars körfəzi və Hörmüz boğazı zonasında həftədə orta hesabla 30 kommersiya gəmisini hədəf aldığı qeyd olunur. Hücumlar nəticəsində azı bir yük gəmisi batıb, çoxlu sayıda tanker və gəmiyə ciddi ziyan dəyib.
“The Washington Post” nəşrinin təhlilinə görə, hərbi əməliyyatların yeniden kəskinləşəcəyi təqdirdə Tehran rəhbərliyi regionda Birləşmiş Ştatlara məxsus strateji infrastrukturlara – məlumat mərkəzlərinə (data-mərkəzlər), süni intellekt obyektlərinə və dənizaltı rabitə-kabel xətlərinə zərbələr endirə biləcəyinə dair xəbərdarlıq siqnalları göndərir.
Nəşr xatırladır ki, İranla bağlı xarici siyasi böhranlar əvvəllər də Birləşmiş Ştatların daxili siyasətinə və seçki nəticələrinə birbaşa təsir göstərib. Belə ki, 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsi və amerikalı diplomatların girov götürülməsi o zamankı Prezident Cimmi Karterin reytinqinə ağır zərbə vurmuş və onun 1980-ci il prezident seçkilərində Ronald Reyqana məğlub olmasına gətirib çıxarmışdı.
Aprel və may aylarındakı hərbi toqquşmalardan sonra da davam edən bu gərginlik fonunda ekspertlər hesab edirlər ki, İranın Hörmüz boğazında dəniz nəqliyyatına və qlobal enerji marşrutlarına göstərdiyi təzyiq yalnız regional təhlükəsizlik spektri ilə məhdudlaşmır, həm də Vaşinqtonun daxili siyasi gündəliyinə birbaşa təsir etmək məqsədi daşıyır.