İranın rəsmi İRNA xəbər agentliyinin yaydığı məlumata əsasən, İran Silahlı Qüvvələrinin Əlaqələndirmə üzrə müavini, kontr-admiral Həbibullah Seyyari qatıldığı rəsmi proqramda Hörmüz boğazında yaranmış hərbi-siyasi böhran və dəniz naviqasiyasının mövcud vəziyyəti barədə kəskin bəyanatlarla çıxış edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, H.Seyyari İran Silahlı Qüvvələrinin strateji su keçidində 100 faizlik əməliyyat nəzarətinə və monitorinq imkanlarına malik olduğunu iddia edərək, akvatoriyadan həyata keçiriləcək bütün gəmi keçidlərinin birbaşa Tehranla koordinasiya olunmasının zəruriliyini bildirib.
Boğazdakı faktiki vəziyyəti dəyərləndirən Seyyari dəniz marşrutunun blokada şəraitində olduğunu bəyan edib:
“Hörmüz boğazı hazırda tamamilə bağlıdır. Əgər hərəkət açıq olsaydı, neft tankeri axını davam edər və ABŞ-də benzin qiymətləri sürətlə rekord vurmazdı. Məsələ son dərəcə aydın və konkretdir”, – deyə iranlı komandan vurğulayıb.
Onun sözlərinə görə, Hörmüz boğazının qərb hissəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri, şərq sektorunda və Oman dənizinin şimalında isə İran Ordusunun Mütəşəkkil Hərbi Dəniz Qüvvələri mövqelənib. Seyyari regionda geostrateji nəzarətin tam təmin olunduğunu iddia edib.
Boğazdan icazəsiz istifadə etməyə çalışan ticarət və hərbi gəmilərə xəbərdarlıq edən Seyyari: “Əgər hər hansı keçid baş tutacaqsa, bu, mütləq bizimlə öncədən koordinasiya olunmalıdır. Əks halda, beynəlxalq xəbər xəttlərində nələrin baş verdiyini və hansı zərbələrin endirildiyini hər kəs aydın görür”, – deyə əlavə edib.