İran Silahlı Qüvvələrinin baş komandanı, general-mayor Əbdürrəhim Hatemi Tehranda keçirilən rəsmi tədbirdə çıxışı zamanı Hörmüz boğazındakı dəniz naviqasiyası və strateji hərbi nəzarət mexanizmləri barədə kəskin bəyanatlarla çıxış edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ə.Hatemi beynəlxalq su keçidində əməliyyat bölgüsünün tamamlandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, boğazın qərb sektoruna İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri, şərq hissəsi və Oman dənizi istiqamətinə isə İran Ordusunun Mütəşəkkil Hərbi Dəniz Qüvvələri birbaşa nəzarət edir.
Bölgədə kommersiya gəmilərinin sərbəst hərəkət etdiyinə dair iddiaları təkzib edən Hatemi dəniz dəhlizinin kəskin blokada şəraitində olduğunu iddia edib:
“Biz Hörmüz boğazına tam və mütləq əməliyyat nəzarəti həyata keçiririk. Qərb mənbələrinin boğazın naviqasiya üçün açıq olması barədə yaydığı məlumatlar reallıqdan uzaqdır. Bu günədək heç bir düşmən hərbi gəmisi Oman dənizi akvatoriyasına daxil olmağa cəsarət etməyib. Əraziyə daxil olan üç ticarət gəmisi də ardıcıl hərbi zərbələrin hədəfi olaraq batırılıb”, – deyə iranlı komandan vurğulayıb.
İran tərəfinin mövqeyinin dəyişməz və qəti olduğunu bildirən Hatemi Hörmüz boğazından gəmi keçidlərinin kəskin şəkildə məhdudlaşdırıldığını diqqətə çatdırıb. Generala görə, rəsmi Tehranla öncədən koordinasiya aparmadan strateji boğazdan keçməyə çalışan çoxsaylı xarici yük və tanker gəmiləri ya sualtı minalara düşüb, ya da hərbi dron və raket sistemləri ilə birbaşa hədəfə alınıb.