İran rəsmisi Məhəmməd Muhibbi ABŞ ilə davam edən hərbi və siyasi gərginlik fonunda müzakirələr və ölkənin hərbi imkanları ilə bağlı diqqətəlayiq bəyanatlarla çıxış edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi məlumat yayıb.
Muhibbi bildirib ki, İran dövlətinin maraqları tələb etdiyi təqdirdə diplomatik danışıqlar mübarizə taktikasının ayrılmaz hissəsinə çevrilir: “Müzakirə uzlaşma və sülh demək deyil, müharibənin başqa mərhələsidir”.
O vurğulayıb ki, müharibə yalnız cəbhədə silahlı toqquşmalarla məhdudlaşmır və müxtəlif müstəviləri əhatə edir. Rəsminin sözlərinə görə, diplomatiya sözlər, arqumentlər və hüquqi üsullarla aparılan hərbi mübarizə formasıdır. Tehranın uzunmüddətli müharibə ssenarilərinə hazır olduğunu deyləyən Muhibbi, bunun danışıqlar masasını tamamilə istisna etmədiyini qeyd edib.
İran rəsmisi ölkənin daha uzaqmənzilli, yüksək dəqiqlikli və böyük dağıdıcı gücə malik raketlər istehsal etmək üçün kifayət qədər texnoloji bazaya malik olduğunu diqqətə çatdırıb. O, bu kimi silahların istehsalı və tətbiqinin sırf siyasi qərardan asılı olduğunu bəyan edib.
“İstənilən qarşıdurmada İran yeni mənzilə, dəqiqliyə və dağıdıcı gücə sahib silahları döyüş meydanına çıxaracaq. Bu silahların sınaqdan keçirilməsi üçün ən uyğun yer də məhz döyüş meydanıdır” – deyə Muhibbi əlavə edib.
O, həmçinin iddia edib ki, yeni nəsil raketlərdən biri ABŞ-yə məxsus təyyarədaşıyan gəmiyə qarşı tətbiq olunub. Muhibbinin sözlərinə görə, hədəf 500 kilometr məsafədən vurulub və gəmiyə xəsarət yetirilib.
Hörmüz boğazı və ətrafındakı təhlükəsizlik vəziyyətinə toxunan Muhibbi, ABŞ-nin tətbiq etdiyi dəniz blokadasına cavab olaraq yeni addım atıldıqlarını bildirib. O, Hörmüz boğazından kənarda — Çabahar limanı ətrafından başlayaraq Oman dənizi marşrutlarını əhatə edən xüsusi “məhdud zona” yaradılması barədə qərar qəbul edildiyini deyib.
İran rəsmisi bu qərarın icrası və dəqiq koordinatları ilə bağlı rəsmi bəyanatın yaxın vaxtlarda elan ediləcəyini vurğulayıb.