İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ rəsmilərinin qlobal neft və yanacaq qiymətlərinin artmasında Tehranı təqsirləndirən açıqlamalarına kəskin reaksiya verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran diplomatı rəsmi “X” sosial media hesabında bəyanat yayıb.
İranlı sözçü Vaşinqtonun böhranın məsuliyyətini öz üzərindən atmağa çalışdığını vurğulayıb: “ABŞ rəsmiləri yanacaq qiymətlərinin artmasında İranı günahlandırırlar. Onlar elə zənn edirlər ki, insanlar hərbi təcavüzü kimin başladığını və bu addımların Hörmüz boğazının bağlanmasına, eləcə də ticarət gəmiçiliyinin pozulmasına gətirib çıxaran böhranı necə tetiklədiyini unudublar”.
Bəqai ABŞ-nin hərbi müdaxilənin məsuliyyətini qarşı tərəfə yükləməsini və bunu "müdafiə addımı" kimi qələmə verməsini tənqid edərək bildirib ki, bu cür ritorika yeni deyil və tarixən istifadə olunub. O, 1939-cu ildə nasist Almaniyasının Polşaya hücumunu "müdafiə tədbiri" kimi əsaslandırmaq cəhdinə istinad edərək Vaşinqtonun arqumentlərini analogiya ilə tənqid edib.