İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi “Keşm” adası sahillərində müşahidə olunan neft çirklənməsi ilə bağlı açıqlama verib. İlkin araşdırmalara əsasən, çirklənmənin Fars körfəzindən sahilə doğru hərəkət edən xarici yük gəmisindən qaynaqlandığı ehtimal edilir.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Bəqayi sosial media hesabında paylaşım edərək hadisə nəticəsində “Keşm” adasının üç müxtəlif sahil hissəsində və dəniz səthinin müəyyən ərazilərində ciddi çirklənmənin qeydə alındığını bildirib.
İran rəsmisinin sözlərinə görə, “Keşm” adası sahillərində baş verən hadisə Fars körfəzi və Oman dənizində son illərdə müşahidə olunan daha geniş ekoloji problemlərin yalnız bir hissəsidir.
Bəqayi bildirib ki, bölgənin dəniz ekosistemi həm açıq, həm də gizli çirklənmə mənbələri səbəbindən ciddi zərər görür. Onun sözlərinə görə, bu proses İranın sahilyanı ərazilərinə böyük iqtisadi və ekoloji ziyan vurub.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Fars körfəzi və Oman dənizində yaranmış ekoloji fəsadların İran üçün yaratdığı zərərin “trilyonlarla dollar” həcmində olduğunu iddia edib.
Bəqayi qeyd edib ki, İran bölgədə ən uzun sahil xəttinə malik ölkələrdən biri olaraq dəniz mühitinin qorunmasına xüsusi əhəmiyyət verir və yaranmış vəziyyətə biganə qalmayacaq.
İran rəsmisi beynəlxalq ictimaiyyətə müraciət edərək dəniz ekosisteminə dəymiş zərərin kompensasiyasına kimin məsuliyyət daşımalı olduğunu sual edib.
Bəqayi bu məsuliyyətin Fars körfəzindən ixrac olunan enerjidən istifadə edən ölkələr, sığorta şirkətləri, eləcə də bölgəni hərbi əməliyyatlar və silah sınaqları üçün istifadə edən tərəflərlə bağlı məsələləri əhatə etdiyini bildirib.
O əlavə edib ki, Hörmüz boğazından ticarət məqsədilə istifadə edən bütün tərəflər Fars körfəzi və Oman dənizinə dəymiş ekoloji ziyanın aradan qaldırılması ilə bağlı həm hüquqi, həm də mənəvi öhdəlik daşıyırlar.