İran Ordusunun Baş Qərargah rəisinin müavini və koordinatoru kontr-admiral Həbibulla Səyyari ölkəsinin müdafiə qabiliyyəti ilə bağlı sərt bəyanatlar səsləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Həbibulla Səyyari bildirib ki, İran Silahlı Qüvvələri, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), hüquq-mühafizə orqanları və "Bəsic" qüvvələri xalqın dəstəyi ilə yüksək döyüş hazırlığına malikdir.
Onun sözlərinə görə, İran sahillərinə hər hansı desant əməliyyatı həyata keçirməyə cəhd edən qüvvələr ağır məğlubiyyətlə üzləşəcəklər.
"Düşmən bilir ki, belə bir ağılsız addım atarsa, çıxışı olmayan bir cəhənnəmə daxil olacaq", – deyə Səyyari vurğulayıb.
Kontr-admiral İranın ərazi bütövlüyünün ölkə üçün "qırmızı xətt" olduğunu bildirib. O, Donald Trampın vaxtilə İranın hərbi-dəniz qüvvələri ilə bağlı səsləndirdiyi bəyanatları xatırladaraq, həmin planların həyata keçmədiyini iddia edib.
Səyyari etiraf edib ki, İran bəzi texnoloji sahələrdə rəqiblərindən geri qala bilər. Bununla yanaşı, o bildirib ki, ölkə daxili imkanlara arxalanaraq bu fərqi aradan qaldırmağa çalışır və vətənpərvərlik baxımından heç bir dövlətdən geri qalmır.
Sonda o, İran sərhədlərinin etibarlı şəkildə qorunduğunu və Silahlı Qüvvələrin istənilən təhlükəyə cavab verməyə hazır olduğunu bildirib.