İranın xarici işlər naziri Abbas Əraqçi Yaponiyanın xarici işlər naziri Motegi Toşimitsu ilə telefon danışığı aparıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran Tələbə Xəbər Agentliyi (ISNA) məlumat yayıb.
Əraqçi regiondakı vəziyyətin ABŞ-nin İslamabad memorandumunda nəzərdə tutulan öhdəliklərini yerinə yetirməməsindən qaynaqlandığını bildirib.
“Həll yolu sadədir. ABŞ tərəfinin imzaladığı İslamabad memorandumundakı öhdəliklərinə qayıtması normallaşmaya gedən yolu açacaq”, – İran XİN rəhbəri deyib.
Əraqçi Omanla Hörmüz boğazı məsələsi üzrə aparılan müzakirələr barədə yapon həmkarına da məlumat verib. O, iki ölkə arasında boğazdan keçid üçün müvəqqəti marşrutun müəyyənləşdirilməsi ilə bağlı danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bildirib.
Motegi Toşimitsu isə regionda təhlükəsizliyin, eləcə də Hörmüz boğazında sərbəst və təhlükəsiz hərəkətin təmin olunması üçün region ölkələri və aidiyyəti dövlətlər arasında davamlı məsləhətləşmələrin və diplomatik koordinasiyanın vacibliyini vurğulayıb.
İki nazir, həmçinin bəzi ikitərəfli və konsulluq məsələləri ilə bağlı problemlərin həlli istiqamətində iş aparılması barədə razılığa gəliblər.