İran hərbi qüvvələri İraqın paytaxtı Bağdadın beynəlxalq hava limanı yaxınlığında yerləşən NATO-nun “Viktoriya” hərbi bazasına zərbələr endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı İranın Dövlət Teleradio Şirkəti (IRIB) yayıb.
Məlumata görə, hücum zamanı bazada olan ABŞ-yə məxsus “Palm Jet” tipli təyyarə vurulub, eyni zamanda uçuş-enmə zolağına ciddi ziyan dəyib.
NATO bazasına hücumun üç ədəd kamikadze pilotsuz uçuş aparatı (PUA) vasitəsilə həyata keçirildiyi bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl “The Guardian” qəzeti İran raketlərindən birinin İtaliya hərbçilərinin yerləşdiyi bazaya düşdüyü və obyekti yararsız hala saldığı barədə məlumat yaymışdı.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı daha əvvəl xəbərdarlıq etmişdi ki, İsrailə kömək edən istənilən ölkənin hərbi bazası Tehran üçün potensial hədəf hesab olunacaq. Hazırda İranın Qətər, Küveyt, BƏƏ və Bəhreyndəki hərbi obyektlərə də zərbələr endirdiyi barədə iddialar mövcuddur.