İranın ABŞ daxilində və xaricində yaşayan amerikalılara qarşı təhdidləri əhəmiyyətli dərəcədə artıb. AnewZ-in məlumatına görə, Milli Kəşfiyyatın direktoru Cey Kleyton bunu çərşənbə günü Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsində keçirilən dinləmədə deyib.
“Bu təhdidlər əhəmiyyətli dərəcədə artıb. Xaricdəki və ABŞ-dakı qadın və kişilərimiz daha böyük təhlükə altındadır”, – Kleyton bildirib.
O, ABŞ-nin İranın ölkə daxilində və xaricində ölümcül planlarını aşkarlamaq, qarşısını almaq və onlara qarşı mübarizə aparmaq öhdəliyini davam etdirdiyini deyib.
“Reuters”in ötən ay gördüyü memorandumda Kleyton İranın ABŞ əməkdaşlarını hədəfə almaq səylərini artırdığını və amerikalı vətəndaşlara qarşı ölümcül planların “qabaqcıl mərhələyə” çatdığını yazmışdı.
İran ABŞ-nin öz ərazisinə endirdiyi zərbələrə cavab olaraq ABŞ qüvvələrinə və regiondakı müttəfiqlərinə hücum edəcəyi barədə xəbərdarlıq edib. ABŞ və İsrailin fevralda İrana qarşı koordinasiyalı hücumlara başlamasından səkkiz aydan çox vaxt keçsə də, zərbələr davam edib.
Vaşinqtonda “çirkli bomba” ehtimalı
Bu həftə CNN ABŞ kəşfiyyatının İranın Vaşinqtonda “çirkli bomba”dan istifadə etməklə hücum planlaşdıra biləcəyi ehtimalına dair qiymətləndirmələrinə istinad edib.
Dinləmədə bu məlumatla bağlı suala cavab verən Kleyton konkret məsələləri müzakirə etməyəcəyini bildirib, lakin belə təhdidlərin yeni olmadığını qeyd edib. Onun sözlərinə görə, mülki əhaliyə qarşı kütləvi məhvetmə təhdidləri uzun müddətdir mövcuddur.
Çərşənbə axşamı Prezident Donald Tramp İranın hücum planlaşdıra biləcəyi ehtimalına ABŞ-nin ciddi yanaşdığını deyib. Çərşənbə günü Trampla Asiyaya səfəri zamanı bu məlumat barədə danışan dövlət katibi Marko Rubio isə ABŞ paytaxtı üçün yaxın zamanda təhlükə olduğuna inanmadığını bildirib.
İran CNN-in məlumatını “əsassız” adlandıraraq rədd edib.