Avropa Klubları İttifaqı (UEC) EFC ilə UEFA arasındakı anlaşma memorandumunu mübahisələndirərək Avropa Komissiyasına rəsmi şikayət verib. Bu barədə “The Guardian” məlumat yayıb.
2033-cü ilin iyulunadək qüvvədə olan memorandum EFC-ni Avropa klublarını təmsil edən “yeganə qurum” statusunda tanıyır. Üç il əvvəl yaradılan UEC 25 milli assosiasiyadan 138 klubu birləşdirir. Təşkilatın fikrincə, aparıcı klublar digər klubların taleyinə, o cümlədən Çempionlar Liqası və Avropa Liqasına vəsiqə qazanmaq imkanlarına həddindən artıq təsir göstərir.
Şikayətdə memorandumun Avropa İttifaqı müqaviləsinin rəqabəti məhdudlaşdıran sazişləri və bazardakı dominant mövqedən sui-istifadəni qadağan edən 101-ci və 102-ci maddələrini pozduğu qeyd olunur. Mövcud qaydalara əsasən, heç bir klub EFC və UEFA-nın icazəsi olmadan başqa transsərhəd assosiasiyaya qoşula bilməz.
Sənəddə, həmçinin, UEC-yə üzv 59 klubun təzyiqə məruz qalmaq narahatlığı ilə üzvlüklərinin ictimaiyyətə açıqlanmamasını xahiş etdiyi bildirilir.