"Hörmüz boğazı ABŞ və İsrailin İrana qarşı müharibəsindən əvvəl mövcud olan status-kvoya bir daha qayıtmayacaq".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri İran parlamentinin sədri və ölkənin əsas danışıqçısı Məhəmməd Baqir Qalibaf deyib.
Qalibaf İran və Oman arasında strateji əhəmiyyətli su yoluna birgə nəzarət barədə razılıq əldə olunduğunu bildirib.
Onun sözlərinə görə, bu razılaşma Tehranın səkkiz aydır davam edən münaqişəyə son qoymaq məqsədilə irəli sürdüyü yeddibəndlik təklifin tərkib hissəsidir.
Qalibaf iddia edib ki, Hörmüz boğazında beynəlxalq sular mövcud deyil və 1982-ci il BMT-nin Dəniz Hüququ üzrə Konvensiyası bu boğaza şamil olunmur. Onun fikrincə, boğazın fəaliyyət qaydaları sahilyanı iki dövlətin qanunları ilə müəyyənləşdirilməlidir.
İran parlamentinin sədri bildirib ki, Tehran Qətərin vasitəçiliyi ilə ABŞ-yə yeddi şərtdən ibarət rəsmi cavab göndərib və Vaşinqtonun mövqeyini gözləyir:
"İndi top ABŞ-nin tərəfindədir",- Qalibaf vurğulayıb.
İranın irəli sürdüyü şərtlər arasında ABŞ-nin dəniz blokadasının və sanksiyalarının ləğvi, dondurulmuş İran aktivlərinin açılması, bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması və müharibənin başa çatdığının rəsmən elan edilməsi yer alır.
Qalibaf qeyd edib ki, bu tələblər iyun ayında imzalanmış İslamabad anlaşma memorandumunun tərkib hissəsidir və onların yerinə yetirilməsi ABŞ-lə danışıqlara başlamaq üçün zəruri şərtdir.
O əlavə edib ki, ABŞ həddindən artıq tələblər irəli sürməsə və qarşılıqlı etimadı sarsıdan addımlardan çəkinərsə, razılaşma əldə etmək mümkündür. Bununla belə, İranın Vaşinqtona etimadsızlığı danışıqların qarşısındakı əsas maneələrdən biri olaraq qalır.
Qalibafın sözlərinə görə, ABŞ rəsmiləri Moskvaya səfərləri zamanı Rusiya Prezidenti Vladimir Putindən Tehranla birbaşa danışıqların başlanmasına vasitəçilik etməsini xahiş ediblər.
İran rəsmisi ABŞ-nin ölkəsinə qarşı yeni zərbələr endirməsi ehtimalı barədə də xəbərdarlıq edib. O, belə bir addımın Donald Tramp üçün növbəti məğlubiyyətə çevriləcəyini və yanvarda vəzifələrinin icrasına başlayacaq yeni Konqres üzvlərinin prezidentə siyasi təzyiq göstərəcəyini iddia edib.
Qalibaf İranın "nə müharibə, nə də sülh" vəziyyətindən çıxmaqda qətiyyətli olduğunu bildirərək, hərbi vasitələr də daxil olmaqla, davamlı çəkindirmə mexanizmlərinin yaradılmasına çağırıb.
Yəməndə hökumət qüvvələri ilə husilər arasında davam edən döyüşlərə də toxunan Qalibaf bildirib ki, heç kim bu münaqişəyə müdaxilə etməməlidir.
"Əgər Yəmən hökuməti və Səudiyyə Ərəbistanı bizdən kömək istəsələr, münaqişənin həlli üçün onlara mütləq yardım təklif edəcəyik", - o bildirib.