İran İnqilab Keşikçiləri Korpusu (IRGC) çərşənbə günü Fars körfəzində iki ABŞ gəmisinə və səkkiz neft tankerinə hücum etdiyini açıqlayıb.
İran dövlət mediasının yaydığı məlumata görə, IRGC bu addımı ABŞ-ın beş İran tankerinə hücumuna cavab olaraq atdığını bildirib. Korpus 10 gəminin Hörmüz boğazının “qadağan olunmuş və təhlükəli” ərazisindən keçməyə çalışdığını iddia edib.
Gərginliyin artması fonunda neftin qiyməti yüksəlib. “Brent” markalı neftin bir barreli 1,57 dollar bahalaşaraq 99,49 dollara, “West Texas Intermediate” markalı neft isə 1,60 dollar artaraq 94,63 dollara çatıb.
Hörmüz boğazında gəmi hərəkətliliyi də azalıb. İlkin məlumatlara əsasən, çərşənbə axşamı boğazdan altı yük gəmisi keçib. Bu göstərici əvvəlki gün qeydə alınan doqquz gəmidən və son 10 gün üzrə təxminən 12 gəmi təşkil edən orta göstəricidən aşağıdır.
Məlumatlar “Kpler” şirkətinin göstəricilərinə əsaslanır. Bəzi gəmilər səfər zamanı transponderlərini söndürdüyü üçün rəqəmlər dəyişə bilər.