İngiltərənin Oksfordşir qraflığındakı kiçik Piddinqton kəndində sakinlər yaxınlıqdakı keçmiş hərbi bazaya 1 250-yə qədər miqrantın yerləşdirilməsi planına etiraz olaraq Böyük Britaniyadan ayrılmaqla bağlı simvolik səsvermə keçiriblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, çərşənbə axşamı keçirilən referendumda sakinlərin böyük əksəriyyəti prinsip etibarilə öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyib.
Yerli şura sədrinin müavini Syuzanna Pardenin sözlərinə görə, ümumilikdə 312 səs hesablanıb. Bu, paylanmış bülletenlərin təxminən 92 faizinə bərabər olub.
Nəticələrə əsasən, 285 nəfər ayrılma təklifinin lehinə, 26 nəfər əleyhinə səs verib, bir bülleten isə etibarsız sayılıb.
Səsvermə hökumətin Piddinqton yaxınlığında yerləşən keçmiş hərbi obyekt - Bicester Garrison ərazisində 1 250-yə qədər yetkin kişi miqrantın yerləşdirilməsi planlarına cavab olaraq təşkil edilib.
2021-ci ildə Oksford yeparxiyasının məlumatlarına əsasən, Piddinqtonda 358 nəfər yaşayır. Kənddə kilsə və kənd icma zalı olsa da, yerli ərzaq mağazası və poçt şöbəsi yoxdur.
Səsvermənin hüquqi qüvvəsi yoxdur və nəticə Böyük Britaniyanın tərkibindən faktiki ayrılma ilə bağlı heç bir prosedur başlatmır. Bununla belə, təşəbbüs ölkədə miqrasiya məsələsi ətrafında artan gərginliyin növbəti nümunəsi kimi qiymətləndirilir.
Böyük Britaniyada miqrasiya ilə bağlı müzakirələr xüsusilə La-Manş boğazından Fransadan ölkəyə keçən miqrant qayıqları və yeni gələnlərin harada yerləşdirilməsi məsələləri fonunda son dövrlərdə daha da kəskinləşib.