İndoneziyanın Batam adasında kəskin içməli su qıtlığından əziyyət çəkən yerli sakinlərin iştirakı ilə kütləvi etiraz aksiyası keçirilib. Təxminən 300 nəfərdən ibarət nümayişçi qrupu adada yerləşən "Nongsa Digital Park" texnoparkının ərazisinə daxil olaraq data mərkəzlərinin fəaliyyətinə etirazlarını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əllərində boş su qabları və bidonlar tutan aksiya iştirakçıları mülki əhalinin su təchizatının kəsildiyi bir şəraitdə böyük texnologiya obyektlərinin fasiləsiz su ehtiyatları ilə təmin olunmasına kəskin narazılıqlarını ifadə ediblər.
Bakau Serip kənd sakini Devi Susanti (Dewi Susanti) mətbuata açıqlamasında üç aydır ki, yaşayış məntəqələrinə mərkəzləşdirilmiş suyun verilmədiyini bildirib. O, sakinlərin texniki maşınlarla gətirilən keyfiyyətsiz və antisanitar vəziyyətdə olan sudan istifadə etməyə məcbur qaldıqlarını diqqətə çatdırıb.
Batam Su Təsərrüfatı İdarəsi yaranan böhranın uzun sürən quraqlıq və yağan yağıntıların kəskin azalması ilə bağlı olduğunu bəyan edib. İdarə rəsmiləri su resurslarının bilərəkdən data mərkəzlərinə yönəldilməsi barədə iddiaları təkzib edərək, infrastrukturun bərpası istiqamətində işlərin aparıldığını vurğulayıblar.
Müasir data mərkəzlərində serverlərin həddindən artıq qızmasının qarşısını almaq üçün tətbiq olunan soyutma sistemləri böyük həcmdə su sərfiyyatı tələb edir. ABŞ-də aparılan beynəlxalq araşdırmalara əsasən, standart bir data mərkəzinin gündəlik su sərfiyyatı təxminən 1,14 milyon litr təşkil edir ki, bu da min ailənin gündəlik məişət istehlakına bərabərdir.
1,3 milyon nəfər əhalisi olan Batam adasında su problemi həm də ərazinin məhdud təbii şirin su mənbələrinə malik olması ilə dərinləşir. Ada əhalisi yalnız altı süni su anbarında toplanan yağış suyundan asılıdır. Yerli ekoloji təşkilatların hesablamalarına görə, mövcud quraqlıq davam edərsə, Bakau Seripi su ilə təmin edən “Nongsa” anbarı bir ay ərzində tamamilə qurumaq təhlükəsi ilə üz-üzə qalacaq.