"2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi tərtib edilən zaman 170-dən çox qurum üzrə 33,3 milyard manat vəsaiti əhatə edən, onların icrasını təsdiq edən xəzinə üzləşmə aktları və digər sənədlər nəzərdən keçirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Bu, icra edilmiş büdcə xərclərinin 86,3 %-ni təşkil edir. Təhlillər bəzi hallarda kənarlaşmaların olduğunu göstərir. Belə ki, hesabat ilində və əvvəlki illərdə dövlət büdcəsinin kassa icrasına aid olunmuş, lakin bank hesablarında qalmış məbləğlər təxminən 600 milyon manatdan çoxdur. Bu, "Büdcə sistemi haqqında" qanunun dövlət büdcəsinin kassa icra anlayışı ilə uyğunsuzluq yaradır", - deyə o qeyd edib.
Sədr əlavə edib ki, 2025-ci ilin dövlət büdcəsindən strateji xərclərlə bağlı təqdim edilmiş hesabatlıq əvvəlki illərə nisbətən təkmilləşib, strateji tədbirlərin prioritetlər üzrə bölgüsü ilə yanaşı, eyni zamanda icraçı qurumlar üzrə bölgüsü də təqdim edilib: "Əvvəlki illərdən fərqli olaraq, hesabat ili üzrə təqdim edilmiş məlumatlarda, strategiya üzrə həm digər tədbirlərin, həm də dördüncü prioritet istisna olmaqla, investisiya yönümlü tədbirlərin maliyyələşmə xərcləri və bəndləri ayrıca göstərilib. Büdcənin icrasına dair hesabatlarda "2022-26-cı illərə dair sosial-iqtisadi inkişaf strategiyası"nın icrası üçün yönəldilmiş vəsait 5,9 milyard manat göstərilib. Bu istiqamətdə apardığımız təhlillərin bəzi nəticələrini əsaslandırmaq istərdim. Strateji xərclər barədə məlumatlar layihə və icra sənədləşməsində fərqli yanaşmalar əsasında daxil edilib. Bu isə proqnoz və icra üzrə qiymətləndirmənin aparılmasına təsir edib. Bəzi hallarda strategiyanın tədbirləri arasında hesabat ili üçün icra bitmiş tədbirlər və ya strategiyada birbaşa nəzərdə tutulmayan tədbirlər də maliyyələşdirilib. Bəzi hallarda isə strategiyanın bəzi əhəmiyyətli fəaliyyət istiqamətləri üzrə işlərin görülməsi fonunda, həmin istiqamətlərdə öz strategiyada maliyyə tutumu əks etdirilməyib".