19 yaşlı Hanna Zaytseva cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin heyətində yer alıb. 63 kq çəki dərəcəsində çıxış edən idmançı Beynəlxalq Cüdo Federasiyasının siyahısında Azərbaycan bayrağı altında göstərilir.
Ukraynanın Slavyansk şəhərində doğulan Zaytseva 2022-ci ildə Polşaya köçüb və “Akademia Judo Poznan” klubunda məşqlərini davam etdirib. O, 2024-cü ildə yeniyetmələr arasında dünya çempionatında gümüş medal qazanıb, 2026-cı ildə isə Poznanda keçirilən Avropa Kubokunda qalib olub.
Polşadan Azərbaycan millisinin heyətinə
Zaytseva sentyabrın 3-də Podqoritsada keçirilən yeniyetmələr arasında Avropa çempionatında Polşa təmsilçisi kimi çıxış edib və 63 kq-da beşinci yeri tutub. Beləliklə, onun Polşa üçün son yarışından Azərbaycan millisinin dünya çempionatı heyətinə daxil edilməsinə qədər bir aydan az vaxt keçib.
Polşa mediasının aprel ayında yaydığı məlumatlara görə, idmançı həmin vaxt Polşa vətəndaşlığı almaq üçün müraciət etmiş, gələcək karyerasını bu ölkə ilə bağlamaq istədiyini bildirmişdi. Zaytsevanın müraciətinin nəticəsi barədə açıq məlumat yoxdur.
İdmançının Azərbaycan millisində çıxış etməsi üçün hüquqi statusunun necə rəsmiləşdirildiyi açıqlanmayıb. Mənbədə qeyd olunur ki, böyüklər arasında dünya çempionatında iştirak üçün idmançı, bir qayda olaraq, təmsil etdiyi ölkənin vətəndaşlığını sənədlə təsdiqləməlidir.
Oktyabrın 4-də Bakıda başlayacaq dünya çempionatında Zaytsevanın ilk dəfə Azərbaycanı təmsil etməsi gözlənilir.