İstanbul Baş Prokurorluğunun koordinasiyası və İstanbul Emniyyət Müdirliyinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin keçirdiyi xüsusi əməliyyat çərçivəsində Türkiyənin “Halk TV” telekanalının sahibi Cafer Mahiroğlu barəsində rüşvət, dövlət tenderlərinə qanunsuz müdaxilə və cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması (çirkli pulların yuyulması) ittihamları üzrə genişmiqyaslı istintaq-araşdırma tədbirləri aparılır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, prokurorluğun rəsmi bəyanatına əsasən, araşdırmada Türkiyə Maliyyə Cinayətlərini Araşdırma Şurasının (MASAK) təqdim etdiyi hesabatlar, gizli şahid ifadələri və toplanmış cinayət işi materialları kompleks şəkildə qiymətləndirilib.
İstintaq materiallarında C.Mahiroğlunun İzmir Böyükşəhər Bələdiyyəsindəki idarəçilik əlaqələrindən istifadə edərək “Bustech Araç Bakım Onarım Hizmetleri A.Ş.” şirkətini təsis etdiyi, rəhbərliyə özünə yaxın şəxsləri təyin edərək bələdiyyə tenderləri vasitəsilə qanunsuz gəlir sxemləri qurduğu iddia olunur.
Məlumata görə, tender prosesləri ilə bağlı 14 milyon 464 min türk lirəsi (TL) həcmində qeydiyyatsız rüşvət ödənişi həyata keçirilib. Şirkətin bələdiyyədən aldığı işlər üzrə tender müqaviləsinin məbləğini aşan şişirdilmiş ödənişlər aldığı və qanunsuz gəlirlərin Mahiroğluna aid subyektlərə transfer edildiyi bildirilir.
MASAK-ın məlumatlarına əsasən, Mahiroğlunun təsisçisi, rəhbəri və ya şərik olduğu şirkətlərin ümumi maliyyə əməliyyat həcmi 30 milyard 352 milyon 37 min 389 TL təşkil edib. Onun şəxsi bank hesablarına 459 əməliyyatla 1 milyard 62 milyon lirədən çox vəsait daxil olub, hesablarından isə 564 əməliyyatla 1 milyard 118 milyon lirə çıxarılıb.
Prokurorluq Mahiroğlunun şirkətləri və birinci dərəcəli yaxınlarının hesabları üzərindən həyata keçirilən iriməbləğli beynəlxalq SWIFT köçürmələrini, eləcə də rəsmi bəyan edilmiş gəlirlərlə real əmlak aktivləri arasındakı ciddi uyğunsuzluqları araşdırır.
Həmçinin C.Mahiroğlu barəsində İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) aid digər müstəqil istintaq çərçivəsində də axtarış qərarının olduğu xatırladılıb. Qeyd olunub ki, o, 2025-ci il martın 10-da Türkiyə ərazisini tərk edib.
Prokurorluğun sərəncamı ilə 17 şübhəli şəxs barəsində saxlanılma qərarı verilib. Keçirilən eşzamanlı əməliyyatlarda 11 nəfər (Harika Akkaya, Hasan Özdemir, İbrahim Özdemir, Armağan Küçük, Mustafa Özdemir, Halit Akın, Ali Turan, Mediha Burumoğlu, Murat Koçak, Erkan Yağcı və Süleyman Özendir) tutulub. Şübhəlilərdən 4-nün (Cafer Mahiroğlu, Hakan Arıcan, Mehmet Necati Yağcı və Sevim Kul) xaricdə olduğu, 1 nəfərin həbsxanada saxlanıldığı, 1 nəfərin (Fatih Yadoğlu) isə axtarışda olduğu bildirilib.
Məhkəmənin qərarı ilə C.Mahiroğlu ilə əlaqəli bütün şirkətlərin aktivlərinə həbs qoyulub və həmin təsərrüfat subyektlərinə Əmanətlərin Sığortalanması Fondunun (TMSF) qəyyum kimi təyin edilməsinə qərara verilib.