Azərbaycanın futbol üzrə U-16 millisinin baş məşqçisi Famil Xəliov komandasının Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalına hazırlığını dəyərləndirib. O, müsahibəsində məqsədlərinin yalnız turnirdə iştirak etməklə məhdudlaşmadığını deyib.
Xəliovun sözlərinə görə, hazırda 21 futbolçunun namizədliyi nəzərdən keçirilir, iştirak ərizəsinə isə qaydalara uyğun olaraq 14 oyunçunun adı daxil ediləcək. Yekun heyət turnirə az qalmış, son məşqlərin nəticələrinə əsasən müəyyənləşdiriləcək. Baş məşqçi seçim etməyin çətin olacağını, lakin ən hazır futbolçuların seçiləcəyini vurğulayıb.
Komandanın hazırlıq prosesi plan üzrə davam edir. Xəliov futbolçuların fiziki və psixoloji durumunun yüksək olduğunu, turnir ərəfəsində müəyyən həyəcan olsa da, komandanın motivasiyasının yerində qaldığını bildirib. Onun fikrincə, kollektiv yarışa hazırdır.
“Məqsədimiz sadəcə iştirakçı olmaq deyil, hər oyunda son saniyəyə qədər qələbə üçün mübarizə aparmaqdır”, – deyə baş məşqçi bildirib. O, rəqiblərə hörmətlə yanaşdıqlarını, eyni zamanda öz güclərinə inandıqlarını qeyd edib.
Xəliov dünya çempionatının gənc futbolçulara beynəlxalq təcrübə qazandıracağını, məşqçilərə isə inkişaf istiqamətlərini daha aydın müəyyən etməyə kömək edəcəyini söyləyib. Rəqiblər barədə məlumatın məhdud olduğunu deyən mütəxəssis, mövcud materialların təhlil edildiyini və əsas diqqətin komandanın öz oyununa yönəldiyini əlavə edib.