Pakistan İslam Respublikası Silahlı Qüvvələri atış mənzili artırılmış “Fatah-2” idarəolunan raket sisteminin növbəti sınaq buraxılışını uğurla həyata keçirib. "Geo News" telekanalının verdiyi məlumata görə, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Bölməsi (ISPR) rəsmi bəyanat yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ordunun açıqlamasında raketin təkmilləşdirilmiş peyk naviqasiyası və müasir avionika (aviasiya elektronikası) sistemləri ilə təchiz edildiyi diqqətə çatdırılıb. Müasir uçuş trayektoriyası və yüksək manevr imkanları sayəsində “Fatah-2” raketinin şərti düşmənin hava və raketdən müdafiə (RMD) sistemlərini yayınaraq hədəfləri yüksək dəqiqliklə məhv etmək qabiliyyətinə malik olduğu qeyd olunub.
ISPR nümayəndələri raketin mənzilinin artırılmasının Pakistan Quru Qoşunlarının operativ zərbə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəyini və strateji dərinlikdə yerləşən hərbi obyektləri vurmaq potensialını gücləndirəcəyini vurğulayıblar.
Pakistan Prezidenti Asif Əli Zərdari, Baş nazir Məhəmməd Şahbaz Şərif, Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general Asim Munir və qoşun növləri komandanları uğurlu sınaq münasibətilə layihədə iştirak edən hərbi alim, mühəndis və mütəxəssis heyətini təbrik ediblər.
Xatırladaq ki, Pakistan ordusu oktyabrın 6-da da milli hərbi-sənaye kompleksi tərəfindən istehsal olunan, yerdən buraxılan və mənzili artırılmış “Fatah-4” idarəolunan raket kompleksinin sınaqlarını uğurla başa çatdırmışdı.