İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında İrana qarşı yeni, genişmiqyaslı hərbi əməliyyat ssenarisinin müzakirə edildiyi iddia olunur. "Axios" portalının Vaşinqton və Təl-Əvivdəki yüksəkvəzifəli diplomatik və hərbi mənbələrə istinadən yaydığı məlumata görə, bu müzakirələr hər iki ölkədə gözlənilən seçki kampaniyaları fonunda intensivləşib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, B.Netanyahu ABŞ rəhbərliyinə İsrail kəşfiyyatının Tehranın nüvə proqramını yenidən aktivləşdirməsinə dair hazırladığı xüsusi hesabatları təqdim edib. Təl-Əviv administrasiyasının əsas narahatlığı İranın “Kazma dağı” (Gahzam Mountain) bölgəsində yerləşən uranın zənginləşdirilməsi obyektində fəaliyyəti bərpa etmək ehtimalı ilə bağlıdır.
Məlumata əsasən, Netanyahu son həftələrdə Trampla təmasları zamanı birgə hərbi müdaxilə variantını dəfələrlə gündəmə gətirib. ABŞ rəsmilərindən birinin verdiyi məlumata görə, İsrail tərəfi əməliyyata başlamaq niyyətindədir: “Prezident Tramp hələlik konkret hüquqi və hərbi öhdəlik götürməsə də, Netanyahuya ‘Get və hazırlıqlarını gör’ mesajını verib. Bu, hərbi ssenarinin istənilən an işə düşə biləcəyini göstərir”.
İrana qarşı mümkün hərbi müdaxilə ilə bağlı Vaşinqtonun siyasi və hərbi kuluarlarında ciddi fikir ayrılıqlarının olduğu bildirilir. ABŞ-nin Müdafiə naziri Pit Heqset (Pete Hegseth) və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) güc tətbiqi variantını dəstəklədikləri halda, Trampın iqtisadi məsələlər üzrə müşavirləri və siyasi komandası mövcud sanksiyalar rejiminin effektiv nəticə verdiyini və diplomatik-maliyyə təzyiqlərinin davam etdirilməsinin vacibliyini müdafiə edirlər.
Ağ Ev nümayəndələri isə iddiaları təkzib edərək, D.Trampın ara seçkilər öncəsi İrana qarşı hər hansı hərbi əməliyyatın keçirilməyəcəyini açıq şəkildə bildirdiyini vurğulayıblar.
Eyni zamanda, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ilə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Den Keyn (Dan Caine) arasında keçirilən məxfi görüşdə yaxın həftələrdə regional hərbi toqquşmaların başlama ehtimalının geniş müzakirə olunduğu iddia edilir.
Ekspertlər bildirirlər ki, İranın yüzlərlə ballistik raketlə cavab zərbəsi endirməsi riskinə görə İsraildə nəzərdə tutulan ümumi seçkilər təxirə salına bilər. İsrail hərbi rəhbərliyində isə belə bir hərbi əməliyyatın seçkiqabağı siyasi dividend məqsədilə istifadə edilməsi və ordunun bitərəfliyinin pozulması ehtimalı ilə bağlı narahatlıqlar mövcuddur.