İsrail hökuməti ABŞ-ni İrana qarşı genişmiqyaslı hərbi zərbələri yenidən başlatmağa inandırmağa çalışır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla keçirdiyi danışıqlarda Tehranın silahlanma proqramlarını və hərbi potensialının bərpasını əngəlləmək üçün İrana qarşı hücumların intensivləşdirilməsinin vacibliyini vurğulayıb. Bildirilir ki, bu məsələdə İsrail və ABŞ administrasiyasının yanaşmaları arasında fikir ayrılıqları mövcuddur.
Nəşrin yazdığına görə, İsrailin xüsusi xidmət orqanları Vaşinqtona İrana dair yeni kəşfiyyat məlumatları təqdim edib. Həmin məlumatlarda iddia olunur ki, Tehran uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaları Nətənz yaxınlığında yerləşən "Kirka" dağı altındakı yeraltı tunellərə köçürüb. İsrail kəşfiyyatının qiymətləndirməsinə əsasən, bu tunellərin dərinliyi təxminən 140 metrə çatır.
Qeyd olunur ki, rəsmi Təl-Əviv təqdim olunan kəşfiyyat məlumatlarının ABŞ-nin İrana qarşı siyasətinə təsir göstərəcəyinə və Vaşinqtonun daha sərt hərbi addımlar atmasına səbəb olacağına ümid edir.