İspaniyanın ikinci divizionunda noyabrın 2-də keçirilən “Tenerife” – “Andorra” matçında baş verən toqquşma nəticəsində hücumçu Xesus de Miqel dünyasını dəyişib. “Andorra”nın qapıçısı Xesus Ovono ilə sərt toqquşmadan sonra de Miqelin ürəyi dayanıb. Həkimlər onun ürək döyüntüsünü bərpa edib, futbolçu xəstəxanaya çatdırılaraq reanimasiyaya yerləşdirilib. “Tenerife” noyabrın 3-də 30 yaşlı oyunçunun vəfat etdiyini açıqlayıb.
İspaniyalı cinayət hüququ üzrə vəkil Blanka Alquasili Marca-ya bildirib ki, hadisənin ağır nəticəsi öz-özlüyündə cinayətin baş verdiyini göstərmir. Araşdırma başlanarsa, sübutları və işin hallarını qiymətləndirərək cinayət məsuliyyəti üçün əsas olub-olmadığına istintaq hakimi qərar verməlidir. Alquasilinin sözlərinə görə, cinayət istintaqı aparılmadan hüquqi nəticə çıxarmaq tezdir.
Vəkil idman və cinayət hüququ baxımından qiymətləndirməni fərqləndirib. Epizod hakim protokolunda idman qayda pozuntusu kimi qeydə alınıb və intizam komitələri tərəfindən nəzərdən keçiriləcək. Bunun cinayət işinə çevrilib-çevrilməyəcəyi isə ayrıca məsələdir. Alquasili qapıçının müdafiə hüququ ilə yanaşı, ailənin və klubun uyğun hesab etdikləri halda məhkəməyə müraciət etmək hüququ olduğunu vurğulayıb.
Alquasilinin izahına görə, İspaniya Cinayət Məcəlləsinin 142-ci maddəsi ehtiyatsızlıqdan adam öldürmənin ağır və daha yüngül formalarını nəzərdə tutur. Ağır forma üzrə bir ildən dörd ilədək, daha yüngül forma üzrə isə üç aydan 18 ayadək azadlıqdan məhrumetmə cəzası mümkündür. Lakin maddənin mövcudluğu konkret hərəkətin mütləq cinayət sayılacağı demək deyil.
İlk növbədə məhkəmə araşdırması aparılmalı, o cümlədən ölüm səbəbi yarılma ilə müəyyən edilməli və hadisənin matçdakı epizodla əlaqəsi araşdırılmalıdır. Bundan sonra şəxsin ehtiyatsız davranıb-davranmadığı, yəni ehtiyatlılıqla bağlı əsas normaları pozub-pozmadığı qiymətləndiriləcək. Vəkil bunu tibbi səhvlərlə müqayisə edib: peşə səhvi zərər vurmaq niyyəti demək deyil, amma ağırlığından asılı olaraq hüquqi nəticələr doğura bilər.