Amerika Birləşmiş Ştatları rəhbərliyi Haitidəki vətəndaşlarını mümkün qədər tez bu ölkəni tərk etməyə çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Con Körbi Haitidə təhlükəsizliklə bağlı vəziyyətin sürətlə pisləşdiyini və burada baş verən hadisələri yaxından izlədiklərini deyib.
Körbinin sözlərinə görə, Amerika rəsmiləri Haiti hökuməti nümayəndələri ilə təmasları saxlayır və problemlərə siyasi həll yolu axtarır.
“Haitidə baş verən zorakılıqlar demokratik keçidi ləngidir. Minlərlə insanın həyatını məhv edir. İnkişafa doğru yol demokratik seçkilərdən keçir”, - deyə Körbi vurğulayıb.
Qeyd edək ki, Haitinin paytaxtı Port-o-Prensdə son bir neçə gündür ki, silahlı qruplaşmalar kütləvi zorakılıqlar törədir, baş nazir Ariel Henrinin istefasını tələb edirlər.
Zorakılıqlar və küçə döyüşləri Henrinin təhlükəsizliklə əlaqədar ölkəyə Keniyadan polis qüvvələri cəlb etməsindən sonra başlayıb.
Silahlılarla polis arasında qarşıdurmalarda 12 nəfər ölüb.
Qruplaşma üzvləri şəhərin əsas həbsxanasından, təxminən, 4 min məhbusu sərbəst buraxıblar.
Qeyd edək ki, Port-o-Prensin 80 faizində təhlükəsizliyə nəzarət silahlıların əlindədir.