"Google"un süni intellekt sistemləri üzərində çalışan 600 əməkdaşı "Alphabet Inc."in baş icraçı direktoru Sundar Piçaiyə məktub göndəriblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Onlar sözügedən məktubda süni intellektin yanlış istifadəsi ilə bağlı narahatlıqları əsas gətirərək ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə əməkdaşlığın rədd edilməsinə çağırış ediblər.
Məktubda Pentaqonla davam edən danışıqlardan narahatlıq ifadə olunaraq, süni intellekt sistemlərinin səhvlər edə bildiyi qeyd edilib.
Əməkdaşların bu texnologiyanın etik olmayan və təhlükəli istifadəsinin qarşısını almaqda məsuliyyət daşıdığı vurğulanan məktubda deyilir:
“Bu səbəbdən sizdən süni intellekt sistemlərimizin məxfi layihələr üçün əlçatan edilməsini rədd etməyinizi tələb edirik. Süni intellektin bəşəriyyət üçün faydalı olduğunu görmək istəyirik, onun qeyri-insani və ya son dərəcə zərərli şəkildə istifadə olunmasını istəmirik.”
Məktubda bu zərərli istifadələrə “ölümcül avtonom silahlar və kütləvi nəzarət” nümunə göstərilərək, bu əməkdaşlıq rədd edilmədiyi təqdirdə "Google"un xəbəri olmadan baş verə biləcək zərərli istifadələrin qarşısını ala bilməyəcəyi bildirilib.
Həmçinin qeyd olunub ki, bu məsələdə veriləcək yanlış qərar "Google"un nüfuzuna, dünyadakı roluna və biznesinə geri dönməz zərər vura bilər.