Fransa Prezidenti Emmanuel Makron 15 yaşdan kiçik uşaqların sosial media platformalarına çıxışını tənzimləyən yeni qanun layihəsinin hazır olduğunu açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici mətbuat Fransa liderinin bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, Makron bildirib ki, hakimiyyətə gəldiyi ilk gündən uşaqların onlayn mühitdə qorunmasına məsuliyyətlə yanaşıb və bu məsələdə qətiyyətini qoruyur. Fransa hökuməti yeni layihəni artıq Avropa İttifaqı Komissiyasına təqdim edib. Fransa parlamentinin hər iki palatası daha əvvəl 15 yaşdan kiçik uşaqların sosial media istifadəsini tənzimləyən sənədi qəbul etsə də, ölkənin ən yüksək konstitusiya məhkəməsi olan Konstitusiya Şurası avqust ayında həmin qanunu ləğv etmişdi. Makron qeyd edib ki, Şuranın qərarından sonra hökumətə Avropa normalarına uyğun və hüquqi baxımdan əsaslandırılmış yeni tənzimləmə hazırlamaq tapşırılıb və bu tapşırıq fövqəladə texniki işlər nəticəsində yerinə yetirilib.
Bildirilib ki, Konstitusiya Şurası avqustun 14-də qanunun gənclərin ifadə azadlığına mütənasib olmayan müdaxilə yaratdığı qənaətinə gəlib. Şura uşaqların maraqlarının qorunmasının konstitusion tələb olduğunu qəbul etsə də, tənzimləmənin onlayn mühitin uşaqların sağlamlığı və təhlükəsizliyi üçün yaratdığı riskləri müəyyənləşdirmək baxımından yetərli olmadığını bildirib. Makron yeni tənzimləmənin bütün Avropada qəbul edilməsinin vacibliyini vurğulayıb.