“Sabah”ın futbolçusu Eyden Makkarti Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda Dortmund “Borussiya”sına vurduğu qolu karyerasının ən yaddaqalan anlarından biri hesab edir. Cənubi Afrikalı oyunçu matçın 1:2 hesabı ilə başa çatmasından məyus olduğunu bildirib.
“Əlbəttə, nəticə bizim üçün yaxşı deyil. Bu oyundan öyrənəcəyimiz çox şey var. UEFA Çempionlar Liqasında ilk qolumu vurmağım və bunu “Sabah”ın heyətində etməyim mənim üçün böyük hadisədir. Bu, karyeramda xüsusi yer tutacaq və heç vaxt unutmayacağım anlardandır”, – deyə Makkarti Offsideplus.az-a açıqlamasında söyləyib.
Futbolçu qoluna doğma ölkəsində sevinən azarkeşlərə, ona dəstək olanlara və ailəsinə təşəkkür edib. Makkarti sosial şəbəkələrdəki coşqunu izlədiyini deyərək, yaxınlarının dəstəyinə görə minnətdarlığını ifadə edib.
Makkarti “Borussiya” azarkeşlərinin fəallığı ilə seçilən stadion atmosferinin oyununa təsir etmədiyini də vurğulayıb. Onun sözlərinə görə, gəldiyi ölkədə 100 min azarkeş tutumlu stadionlarda da oynayıb və meydana çıxanda bütün diqqətini oyuna yönəldir.