Əsas məzmuna keç

Ərdoğan Nyu-Yorkda genişmiqyaslı diplomatik görüşlər keçirib

Ərdoğan Nyu-Yorkda genişmiqyaslı diplomatik görüşlər keçirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda bir sıra ölkə liderləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb. Görüşlərdə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub.

en ru

Prezidenti Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində ABŞ-ın Nyu-York şəhərinə səfəri müddətində Türkiyə Evi və BMT mənzil-qərargahında intensiv ikitərəfli və çoxşaxəli diplomatik görüşlər reallaşdırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, danışıqlar zamanı regional təhlükəsizlik, Qəzza böhranı, Ukrayna münaqişəsi, enerji, müdafiə sənayesi və qlobal iqtisadi əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli həftəsində çıxış edən Türkiyə lideri beynəlxalq sistemin böhran qarşısında aciz qaldığını vurğulayaraq Təhlükəsizlik Şurasında köklü islahatların aparılmasının vacibliyini bir daha bəyan edib:

“190-dan çox ölkənin iradəsinin beş ölkənin qərarından asılı olduğu struktur nə ədalətlidir, nə də etimadı tam təmin edə bilər. Təhlükəsizlik Şurası ‘Dünya beşdən böyükdür’ prinsipi əsasında mütləq islah edilməlidir”.

Ərdoğan Fələstin məsələsinə də toxunaraq 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasının qaçılmaz olduğunu bildirib. O, BMT-nin Antonio Quterreşlə keçirdiyi görüşdə Qəzzadakı humanitar vəziyyət, İordan çayının qərb sahili, Qara dənizdə naviqasiya təhlükəsizliyi və Kipr məsələsini müzakirə edib.

Səfər çərçivəsində Türkiyə Prezidenti Vyetnam Prezidenti To Lam ilə görüşərək münasibətlərin “Strateji tərəfdaşlıq” səviyyəsinə qaldırılması barədə razılığa gəlib. Ərdoğan, həmçinin Liviya Prezidentlik Şurasının sədri Məhəmməd Yunus əl-Mənfi, Küveyt vəliəhdi Sabah Xalid əl-Haməd əs-Sabah, Kosovonun Baş naziri Albin Kurti, Livanın Baş naziri Nəvvaf Səlam və Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə bir araya gəlib.

Gürcüstan rəhbərliyi ilə görüşdə Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli əməkdaşlıq mexanizmlərinin effektivliyinin artırılması, və ticarət dəhlizlərinin genişləndirilməsi vurğulanıb.

Ərdoğanın Nyu-York diplomatik proqramında regional sülh təşəbbüsləri xüsusi yer tutub:

Ermənistanla normallaşma: Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə ikitərəfli ticarət, nəqliyyat əlaqələrinin açılması və Azərbaycanla arasında sülh sazişinin imzalanması istiqamətində atılan müsbət addımlar yüksək qiymətləndirilib.

İraqla təhlükəsizlik pakti: İraqın Baş naziri Əli əz-Zeydi ilə keçirilən görüşün nəticəsi olaraq Sincarda dövlət suverenliyinin tam bərpası və Başika-Zilkan hərbi məntəqəsinin mərhələli şəkildə İraq ordusuna təhvil verilməsi barədə birgə bəyanat imzalanıb.

Ukrayna böhranı: Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə Ankara müharibənin ədalətli və daimi sülhlə yekunlaşması üçün birbaşa danışıqların bərpasına vasitəçilik etməyə hazır olduğunu xatırladıb.

ABŞ-Türkiyə Biznes Şurasının iclasında iştirak edən Ərdoğan süni intellekt, rəqəmsal transformasiya, səhiyyə və enerji sahələrində amerikalı investorları Türkiyəyə dəvət edib.

Səfərin sonunda BMT-nin İqlim Tədbirində çıxış edən Türkiyə Prezidenti, inkişaf etməkdə olan dövlətlərin yaşıl texnologiyalara və maliyyə resurslarına çıxışının asanlaşdırılmasının qlobal iqlim hədəfləri üçün həyati əhəmiyyət daşıdığını bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…