Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Liderlər arasında reallaşan bu təmas son vaxtlar iki ölkə arasındakı bəzi platformalarda müşahidə olunan gərginlik fonunda xüsusi geostrateji əhəmiyyət kəsb edir.
Bəs bu telefon danışığı Azərbaycan-Türkiyə münasibətlərindəki mövcud vəziyyətə necə təsir göstərəcək və qarşıda duran Türk Dövlətləri Təşkilatının (TDT) sammitindən nə gözlənilir?
Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, dövlət başçılarının birbaşa dialoqu gərginliyin səngiməsində mühüm rol oynayacaq:

"Mən hesab edirəm ki, Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı iki ölkə arasında son vaxtlar müşahidə edilən gərginliyin azalmasında mühüm rol oynaya bilər. Üstəlik, bu ayın 29-u və 30-da Ankarada Türk Dövlətləri Təşkilatının sammiti keçiriləcək. Sədrliyin Azərbaycandan Türkiyəyə keçəcəyi həmin sammitdə böyük ehtimalla Prezident İlham Əliyev də iştirak edəcək. Elə Ərdoğanın Azərbaycan Prezidentinə zənginin əsas səbəblərindən biri də İlham Əliyevi sammitə dəvət etməsi idi. Sammit çərçivəsində ikitərəfli görüşün keçiriləcəyini və gərginliyin tam aradan qaldırılması üçün mühüm fikir mübadiləsinin aparılacağını ehtimal etmək olar".
Politoloq 2009-cu ildə yaşanan tarixi təcrübəni xatırladaraq, liderlərin iradəsinin həlledici olduğunu vurğulayıb:

"2009-cu ildə də gərginlik yarananda liderlərin birbaşa təması münasibətlərin normallaşmasında və daha sonra müttəfiqlik səviyyəsinə qalxmasında müstəsna rol oynadı. O zaman Türkiyə hökuməti Ermənistanla sərhədi açmağa qərar verəndə bu, Azərbaycanda narazılıq yaratmışdı. Daha sonra o vaxt Baş nazir olan Rəcəb Tayyib Ərdoğan Bakıya gəldi, Azərbaycan parlamentində çıxış edərək bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayana qədər Türkiyə Ermənistanla sərhədi açmayacaq və diplomatik münasibətləri bərpa etməyəcək. Ərdoğan bu vədinə bu günə qədər sadiq qaldı və bu da münasibətlərin sonrakı inkişafına təkan verdi".
Elxan Şahinoğlu sonda qardaşlıq münasibətlərində daxili işlərə qarışmamaq prinsipinin vacibliyini qeyd edib:
“Mən hesab edirəm ki, bu növbəti gərginlik də məhz dialoq yolu ilə yoluna qoyulacaq. Əsas odur ki, "Bir millət, iki dövlət" konsepsiyası işləsə də, dövlətlərin daxili işlərinə qarışılması yolverilməzdir. Məncə, bundan sonra da hər iki tərəf bu prinsiplərə və siyasətə sadiq qalacaq".