Əfqanıstanın Təhsil Nazirliyi ölkədə təhsilə çıxışla bağlı BMT hesabatının nəticələrini mübahisələndirərək, onların təhsil sisteminin tam mənzərəsini əks etdirmədiyini bildirib.
“AnewZ”in məlumatına görə, UNICEF və UNESCO-nun noyabrın 4-də yayımladığı birgə hesabatda ibtidai məktəb yaşlı uşaqların 53 faizinin formal təhsildən kənarda qaldığı qeyd olunub. Hesabatda, həmçinin “Taliban”ın 2021-ci ildə hakimiyyətə qayıtmasından bəri 2,6 milyondan çox qızın orta təhsildən məhrum edildiyi bildirilib.
Noyabrın 10-da yaydığı açıqlamada nazirlik Əfqanıstanda 18 090 dövlət və özəl məktəbin fəaliyyət göstərdiyini, orada 7,6 milyondan çox şagirdin təhsil aldığını qeyd edib.
Nazirliyin məlumatına əsasən, 20 372 dini məktəbdə — mədrəsələrdə — 2,4 milyondan çox şagird oxuyur. Nazirlik BMT-nin nəticələrinin şərh edilmə üsulunu da tənqid edib.
“Nazirliyin fikrincə, vahid statistik kateqoriyanı ölkə üzrə uşaqların təhsilinin tam mənzərəsi kimi təqdim etmək düzgün deyil”, — açıqlamada deyilir.
Son beş ildə təxminən beş milyon yeni şagirdin təhsilə başladığını, 373 yeni dövlət məktəbinin açıldığını bildirən nazirlik 48,7 milyondan çox dərsliyin paylandığını, 1 368 məktəb və mədrəsə üçün binalar tikildiyini də açıqlayıb.
BMT hesabatında təhsilin keyfiyyətinin aşağı olması, müəllim çatışmazlığı və investisiyaların yetərsizliyi əsas problemlər sırasında göstərilib. Təhsil Nazirliyi təhsilə maneələrin qaldığını qəbul etsə də, BMT-nin nəticələrinin əldə olunmasında istifadə edilən metodologiyanı şübhə altına alıb.
“Təhsil Nazirliyi məlumatların texniki müqayisəsi üçün müvafiq təşkilatlarla əməkdaşlığa hazırdır ki, gələcək qiymətləndirmələr Əfqanıstandakı təhsil barədə dəqiq və dolğun mənzərəni əks etdirsin”, — açıqlamada bildirilib.
Əfqanıstan nazirliyinin göstəricilərinə dini təhsil də daxildir, BMT-nin 53 faizlik qiymətləndirməsi isə formal ümumi təhsilə aiddir. Buna görə də bu iki göstərici fərqli kateqoriyaları ölçür.
Nazirlik qızların təhsil almasına mane olan məhdudiyyətlərdə hər hansı dəyişiklik elan etməyib.