Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsində mövqeyini həqiqətən dəyişdiyi barədə yayılan məlumatlara şübhə ilə yanaşdığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Kulebanın sözlərinə görə, Tramp Fransanın Evian şəhərində keçirilən G7 sammitində sadəcə digər iştirakçıların eşitmək istədiyi fikirləri səsləndirib.
O, ABŞ liderinin Ukraynaya münasibətdə mövqeyini yumşaldıb-yumşaltmadığı ilə bağlı suala cavab verərkən bunun müvəqqəti bəyanat olduğunu deyib.
“Düşünürəm ki, bu, doğru yerdə və doğru zamanda verilmiş müvəqqəti açıqlamadır. O, G7 sammitinə gəldi və orada digər iştirakçıların eşitmək istədiyi sözləri dedi”, - Kuleba qeyd edib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron iyunun 19-da Evian şəhərində keçirilən G7 sammitinin yekunlarına dair açıqlamasında iştirakçıların Trampın Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişməsinə nail olduqlarını bildirmişdi. Son günlər Qərb mətbuatında da ABŞ prezidentinin Ukrayna ilə bağlı yanaşmasını dəyişdiyi barədə xəbərlər yayılıb.