Ukrayna 2024-cü ilin oktyabr ayından etibarən Qərb müttəfiqləri, beynəlxalq maliyyə institutları və Avropa İttifaqından ümumilikdə 66,044 milyard dollar həcmində maliyyə dəstəyi alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Ukrayna Maliyyə Nazirliyinin məlumatları əsasında aparılan hesablamalara görə, bu vəsaitlərin təxminən yarısı Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına ayrılıb.
Maliyyə yardımları əsasən G7 ölkələrinin həyata keçirdiyi ERA (Extraordinary Revenue Acceleration) proqramı, Avropa İttifaqının "Ukraine Facility" mexanizmi, Beynəlxalq Valyuta Fondunun xüsusi maliyyələşdirmə proqramları, Dünya Bankının layihələri, eləcə də ayrı-ayrı Qərb dövlətlərinin kredit və qrantları çərçivəsində təqdim olunub.
Məlumata görə, göstərilən məbləğə hərbi texnika, silah-sursat, hərbi təlim və digər müdafiə xərcləri daxil deyil. Bu vəsaitlər yalnız maliyyə dəstəyi proqramlarını əhatə edir.
Qeyd olunur ki, 2024-cü ilin sonundan etibarən ABŞ Ukraynaya birbaşa maliyyə yardımı göstərmir. Alınan vəsaitlərin əsas hissəsi – təxminən 50 milyard dolları Avropa İttifaqı tərəfindən ERA və Ukraine Facility proqramları vasitəsilə təmin edilib.
Bununla belə, ekspertlər Ukraynanın müharibə xərclərinin qarşılanması üçün əlavə maliyyə resurslarına ehtiyac duyduğunu bildirirlər. Məlumata əsasən, ölkənin beynəlxalq valyuta ehtiyatları 2026-cı ilin əvvəlindən bəri təxminən 20 faiz azalıb.