Avropada nüvə silahının yayılması və tətbiqi ilə bağlı müzakirələrin adi hal alması Rusiyanın narahatlığına səbəb olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Viktor Vasilyev "RİA Novosti" agentliyinə açıqlamasında bildirib.
Məlumata görə, Vasilyev xüsusilə Avropa ölkələrində nüvə silahından istifadə ehtimalı ilə bağlı ritorikanın artıq gündəlik xarakter aldığını deyib. O bildirib ki, Finlandiya, Baltikyanı ölkələr və Şərqi Avropanın bəzi dövlətləri öz ərazilərində nüvə silahı və ya onun daşıyıcılarını yerləşdirməyə hazır olduqlarını açıqlayıblar. Rusiya rəsmisinin sözlərinə görə, həmin ölkələr Hirosima və Naqasaki faciələrinin nəticələrini unudublar.
Bildirilib ki, Rusiyanın BMT-nin Cenevrədəki bölməsindəki daimi nümayəndəsi Gennadi Qatilov da Avropa ölkələrinin nüvə siyasətinin nüvə dövlətləri arasında birbaşa qarşıdurma riskini artırdığını bəyan edib. O, Böyük Britaniya və Fransanın gizli şəkildə öz nüvə arsenalını genişləndirməyə başladığını iddia edib.