Yunanıstanda müşahidə olunan kəskin istilər səbəbindən bu gün saat 13:00-dan 17:00-dək açıq havada işlərin görülməsi qadağan olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, ölkədə hava temperaturunun təhlükəli həddə yüksələcəyi gözlənildiyindən işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra məhdudiyyətlər tətbiq edilib.
Qərara əsasən, Mərkəzi Yunanıstan, Tesaliya, Peloponnes yarımadası və paytaxt Afinanın daxil olduğu Attika bölgəsində tikinti, gəmiqayırma və kuryer xidməti kimi açıq havada görülən işlərdə saat 13:00-17:00 aralığında fəaliyyət dayandırılacaq.
Bundan başqa, səhhətində problem olan, yaşı çox olan və hamilə əməkdaşlar kimi risk qrupuna daxil edilən ofis işçilərinin məsafədən işləməsinə icazə verilib.
Qeyd olunub ki, iyulun 19-dan davam edən isti hava dalğası səbəbindən bu gün Attika, Viotiya, Ftiotida, Arqolida, Tesaliya və Korinf bölgələrində havanın temperaturu 40 dərəcəni keçəcək. Tesaliya bölgəsində isə temperaturun 43 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
Eyni zamanda, Krit adası, Peloponnes yarımadası və Cənubi Egey adaları başda olmaqla ölkənin bir çox bölgəsində isti hava ilə yanaşı, Səhra mənşəli tozun da təsirli olacağı gözlənilir.