Kaliforniya ABŞ-ın süni intellekt çipləri istehsalçısı “Nvidia”ya çağırış göndərib. Araşdırma Çinin şirkət və ya onun keçmiş baş icraçı direktoru Censen Huang vasitəsilə qabaqcıl çip texnologiyasına və məxfi məlumatlara çıxış əldə edib-etmədiyini müəyyənləşdirməyə yönəlib.
AnewZ-in məlumatına görə, Kaliforniyanın baş prokuroru Rob Bonta çağırış barədə cümə axşamı, noyabrın 19-da açıqlama verib. Bu addım “Nvidia”nın həmtəsisçisi Huangın Çin üçün casusluq etdiyindən şübhələnilən qadınla münasibətdə olması barədə iddialardan sonra atılıb.
Kaliforniya Baş Prokurorluğunun açıqlamasında bildirilir ki, araşdırma Huangın iddia edilən münasibətindən irəli gələn risklər barədə “Nvidia”nın investorları və ictimaiyyəti yanıldıb-yanıltmadığını da yoxlayacaq.
“Nvidia”nın və onun keçmiş baş icraçı direktorunun davranışı, o cümlədən şirkətin investorları hansı yollarla yanıltmış ola biləcəyi ilə bağlı ciddi narahatlıq doğuran siqnallar yaradır”, – Bonta açıqlamasında deyib.
Huangın istefası və Çinə mümkün əlaqələr
Huang noyabrın 12-də istefa verib. Buna onun “Megaspeed” texnologiya şirkətinin keçmiş rəhbərlərindən olan Elis Huangla nikahdankənar münasibəti barədə xəbərlər səbəb olub. Şirkət Sinqapurda yerləşir.
“The New York Times” yazıb ki, ABŞ kəşfiyyat rəsmiləri Elis Huangın Çin üçün casusluq etdiyindən şübhələnirlər. Çin bu iddiaları təkzib edib.
“Nvidia”nın müştərisi olan “Megaspeed” də qabaqcıl süni intellekt çiplərinin Çinə ötürülməsi ilə bağlı şübhələrə görə araşdırma altındadır. Şirkət isə müstəqil araşdırmanın şirkət sirlərinin və ya milli təhlükəsizliyin zərər gördüyünə dair sübut aşkar etmədiyini bildirib.
ABŞ-ın digər qurumları da “Nvidia”nı araşdırır
“The Wall Street Journal” bu həftənin əvvəlində ABŞ-ın maliyyə tənzimləyicisi olan Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) “Nvidia”nın investorları yanıldıb-yanıltmadığını araşdırdığını yazıb.
ABŞ Ədliyyə Nazirliyi isə qabaqcıl süni intellekt çiplərinin ixracına qoyulan məhdudiyyətlərin mümkün pozuntuları ilə bağlı ayrıca araşdırma başladıb.
“Nvidia”nın maliyyə direktoru Kolet Kress şirkət Huangın daimi varisini axtardığı müddətdə müvəqqəti baş icraçı direktor vəzifəsini icra edir.
Çağırışın göndərilməsi “Nvidia”nın və ya Huangın qanunu pozduğunu bildirmir. Bu addım həssas texnologiyanın Çinə ötürüldüyünü də təsdiqləmir.