Bu il Bakıda yeni metro stansiyasının açılması planlaşdırılır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada məlumat verib.
Onun sözlərinə görə, Dövlət Proqramına uyğun olaraq uzun fasilədən sonra “Dərnəgül” elektrik deposunun tikintisi davam etdirilir. Eyni zamanda:
“28 May” stansiyası ərazisində xətlərin ayrılması layihəsi üzrə iki nöqtədə şaxtaların qazıntısına başlanılıb;
“İçərişəhər” stansiyasından sonra dönmə kamerasının inşası üçün ərazi tikintiyə tam hazır vəziyyətə gətirilib;
“Həzi Aslanov” stansiyasının dalan yolunda yenidənqurma işləri növbəti mərhələyə çatdırılıb.
Anar Rzayev bildirib ki, Dövlət Proqramı çərçivəsində 10 yeni metrostansiyanın tikintisi nəzərdə tutulur ki, bu da Bakı metrosu tarixində ən böyük genişlənmə mərhələlərindən biri olacaq.
Onun sözlərinə görə, bu stansiyalardan birinin 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır, ötən il isə B4 layihə adlı stansiyada təmir-tikinti işləri sürətlə aparılıb.
Layihələrin həyata keçirilməsi paytaxtda metro nəqliyyatının imkanlarını genişləndirməyə və sərnişin rahatlığını artırmağa xidmət edir.