BMT çərşənbə axşamı bildirib ki, bu qış Əfqanıstanda 19,2 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşə bilər. Buğda istehsalının artmasına baxmayaraq, ailələr ərzaq almaqda çətinlik çəkir.
AnewZ-in məlumatına görə, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) sözçüsü Olqa Çerevko Cenevrədə keçirilən brifinqdə Kabil şəhərindən çıxış edib. O, Əfqanıstanın cənubuna və şimal-şərqinə son səfərləri zamanı müşahidə etdiklərini bölüşüb.
“Əfqanıstan haqqında rəqəmlərlə danışarkən gözdən qaça biləcək bir məqamla başlamaq istəyirəm: məhsul arta, bazarlarda ərzaq ola bilər, amma ailələr yenə də ac qala bilər”, — Çerevko deyib.
OCHA-nın məlumatına görə, sentyabr və oktyabr aylarında 15,9 milyon insan böhran səviyyəsində və ya daha ağır ərzaq çatışmazlığı ilə üzləşib. Onlardan 3,4 milyonunun aclıq vəziyyəti fövqəladə səviyyədə olub.
Uşaqlar kəskin qidalanma çatışmazlığı riski altındadır
Çerevko noyabrdan aprelə qədər beş milyon insanın aclığın fövqəladə səviyyəsi ilə üzləşə biləcəyini bildirib. Gələn il isə dörd milyondan çox uşağın kəskin qidalanma çatışmazlığına görə müalicəyə ehtiyac duyacağı gözlənilir.
Humanitar maliyyələşmənin azalması böhranı ağırlaşdırıb: qidalanma mərkəzlərinin təxminən üçdə biri bağlanmağa və ya xidmətlərini dayandırmağa məcbur olub.
“Bu rəqəmlər valideynləri qidalı ərzaq ala bilməyən uşaqları, eləcə də illərlə davam edən münaqişə, iqtisadi çətinliklər, quraqlıq və digər sarsıntılar səbəbindən vəziyyətə uyğunlaşmaq imkanları tükənən ailələri əks etdirir”, — Çerevko vurğulayıb.
Buğda istehsalı 13,4 faiz artıb
Əfqanıstanın Kənd Təsərrüfatı, Suvarma və Heyvandarlıq Nazirliyinin çərşənbə axşamı açıqladığı məlumata əsasən, buğda istehsalı 13,4 faiz artaraq 5,15 milyon tona çatıb. Ötən il bu göstərici 4,54 milyon ton olub.
Ölkənin daxili tələbatı 7,09 milyon ton qiymətləndirilir. Buna görə də Əfqanıstanda təxminən 1,94 milyon ton buğda çatışmazlığı yaranır; bu fərq qismən idxal hesabına ödənilir.
Çerevko qış başlamazdan əvvəl təcili yardım göstərilməsinin, eləcə də gələcək böhranlarda ailələrin dayanıqlığını artırmaq üçün kənd təsərrüfatına, dolanışıq imkanlarına və əsas xidmətlərə daha çox sərmayə qoyulmasının vacibliyini qeyd edib.
“Ailələrin bütün çıxış yolları tükənəndən sonra deyil, qış başlamazdan əvvəl hərəkətə keçməliyik”, — o bildirib.